Müharibənin kölgəsi altında: Ermənistan-Azərbaycan sərhədində sovet dövründən bu günə qədərki həyat

2610

Uzaq olmayan keçmişdə baş verən hadisə

Mən məktəbli olanda müəllimlər mənə deyirdilər ki, Sovet İttifaqında sərhədlər yoxdur. Doğrudan da Sovet İttifaqında sərhəd anlayışı nisbi idi. Ermənistanla Gürcüstan, Ermənistanla Azərbaycan arasında inzibati sərhədlər əlbəttə varıydı, amma onları keçərkən pasport təqdim etməyə heç bir ehtiyac yoxuydu. Nəzarət buraxılış məntəqələri də yoxuydu. Ancaq lövhələrdəki gürcü və ya Azərbaycan hərfləri sizin artıq Sovet Ermənistanının hüdudları kənarına çıxdığınıza işarə edirdi.

Tatul Akopyan

Azərbaycanlıları lap körpəliyimdən xatırlayıram. Evimizə babamın tanışı olan azərbaycanlılar gəlirdi. Atamın da azərbaycanlı tanışları varıydı. Az qala hər gün qonşu Kəmərlidən azərbaycanlılar, əsasən də qadınlar, kəndimizdən keçib, eşşəklərə yüklənən meyvə-tərəvəzi satmaq üçün Noyemberyan bazarına gedirdilər. Qayıdan baş onlar eşşəkləri kənd parkımızın dəmir çəpərinə bağlayaraq, alış-veriş üçün mağazaya girirdilər. Əsasən də kəllə qənd alırdılar.

1984-cü ilin payızın axırı idi. Kremldən bizimlə Azərbaycan kəndinin arasındakı sərhədi dəqiqləşdirmək üçün adamlar gəldi. Bizim kəndimiz – Doveq Ermənistan, Gürcüstan və Azərbaycan sərhədində və Azərbaycanın Kəmərli kəndi ilə qonşuluqda yerləşir. Doveq və Kəmərlinin 13 kilometrlik ümumi sərhədi var.

 

1984-cü ilin oktyabr ayında bizimlə azərbaycanlılar arasında münasibətlər xeyli gərginləşdi. Azərbaycanlılar Doveq meşələrindəki bulaqlardan Kəmərliyə qədər su kəməri tikdilər ki, bu da gərginliyə səbəb oldu. Ermənistan rəhbəri Karen Dəmirçyan Moskvada Azərbaycanın lideri Kamran Bağırovla görüşdü və yerində su kəməri məsələsini nəzərdən keçirməklə bağlı razılığa gəldilər. Erməni tərəfdən məsul şəxs kimi Vladimir Movsisyan, Azərbaycan tərəfindən isə onun azərbaycanlı həmkarı təyin edildi.

Onlar problemi yerində tənzimləmək üçün gəldilər. İki kənd arasındakı meşə və bulaqların kimə məxsus olması ilə bağlı mübahisələr qarşıdurmaya çevrildi, nəticədə bir neçə nəfər, o cümlədən də Movsisyan yaralı vəziyyətdə xəstəxanaya çatdırıldı. Sovet mətbuatı bu qarşıdurma haqda heç nə yazmadı. Amma insident haqqında məlumat Moskvaya qədər çatdı. Sovet liderlərindən biri olan Yeqor Liqaçyov hadisənin təfərrüatlarını öyrənmək üçün Movsisyanı Moskvaya dəvət etdi. Bu erməni-azərbaycanlı qarşıdurmasından sonra Bağırov Ermənistana səfər etdi.

Sərhədlə bağlı insidentdən sonra Ermənistanla Azərbaycan arasında inzibati sərhədin dəqiqləşdirilməsi aparıldı. Sovet İttifaqı tərkibində sərhədlər dəfələrlə təkrar nəzərdən keçirilib. 1988-ci ildə Dağlıq Qarabağ parlamentinin 75% erməni əhalisi olan vilayətin Ermənistana birləşməsi lehinə səs verməsi də bu gözlənti ilə bağlı idi.

Qarabağ müharibəsi illərində

İlk ciddi erməni-azərbaycanlı qarşıdurmaları 1990-cı ildə, erməni qüvvələri Ermənistan ərazisində yerləşən azərbaycanlı yaşayış məntəqələrini: Kərkin (Ermənistanla Naxçıvanın sərhədində), Yuxarı və Aşağı Əskipara, Baqanis – Ayrım (Noyemberyan – Qazax sahəsində), Xeyrimli, Sofulu, Qızılhacılı və Bərxudarlını (İcevan –Qazax sahəsində) öz nəzarəti altına alandan sonra başladı.

Baqanis

1992-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Gədəbəy rayonunda qalan erməni Artsvaşen kəndini əz nəzarəti altına aldılar. Bu gün həm də inzibati baxımdam Ermənistana məxsus Noyemberyanın (Barekamavan kəndinin böyük hissəsi), İcevanın (Berkaber kəndinin 800 hektarlıq ərazisi) və Berd rayonunun (Paravakar kəndinin 1400 hektarlıq torpağı) əraziləri də Azərbaycanın nəzarəti altında qalır.

Paravakar

Beləliklə, Ermənistan-Azərbaycan sərhədi sovet dövründən sonra xeyli dəyişib. Bundan əlavə, bu gün Azərbaycan qüvvələri Ermənistan ərazisində olan mövqeləri tutur və əksinə.

Qarabağ müharibəsi illərində – 1992-1994-cü illər – Ermənistanın və Azərbaycan sərhədi dəyişməsə də 2,5 il sürən qanlı münaqişə zamanı tərəflər bir-birinə qarşı ağır texnikadan istifadə edib və Ermənistanın-Azərbaycan sərhədinin təmas xətti boyunca yerləşən kəndlərdə mülki obyektlər və dinc sakinləri bombalayıblar. Bu vəziyyət bu gün də davam edir və 1994-cü ildə atəşkəs haqqında müqavilə bağlanan andan yüzlərlə insanın həyatına son qoyub.

Çinari: snayper nişanı altında həyat

Mən bütün Ermənistan-Azərbaycan sərhədi boyu gəzərək, bütün sərhədyanı kəndlərə baş çəkmişəm. Ermənistanı və Azərbaycanı şimal-şərqdə Ermənistan-Gürcüstan-Azərbaycan üçbucağından Sevan gölünün şərq tərəfinə qədər 400 kilometr və cənub-qərbdə Ermənistan-Naxçıvan sahəsində bir neçə yüz kilometr dağ sərhədi ayırır.

 

Bir dəfə mən Azərbaycanın Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ilə sərhəddə yerləşən Çinari kəndində oldum. Çinari bəlkə də dinc əhali üçün ən təhlükəli kənddir: hərbi dayaq məntəqələri onun üstündən ucalır. Çinarinin uşaq bağçasında mən 5 yaşlı Alvina ilə tanış oldum.

Bu qız atası Levonun ölümündən beş ay sonra anadan olub. O, 2008-ci ildə snayper gülləsindən ölüb. Beləliklə, 21 yaşlı Levon qızını, Alvina isə atasını görməyib. Levonun həyat yoldaşı mənə danışdı: “Qızım atanın nə demək olduğunu bilmir. Mən atama müraciət edəndə, Alvina deyir: “O, ata deyil, ona “baba” de”, axı o bizim babamızdır. O, atanın nə demək olduğunu bilmir”.

Uşaq bağçasının işçiləri və bağçaya uşaqlarının arxasınca gələn valideynlər də Çinarini Ermənistan-Azərbaycan sərhədində ən təhlükəli kənd hesab edirlər. Demək olar ki, bütün evlər, küçələr, məktəb və uşaq bağçası düşmənin gözü qabağında yerləşir. Son zamanlar məktəbə, bağçaya və qəbiristanlığa aparan yol boyu “Focus on Children” təşkilatının təşəbbüsü ilə 300 Kanada qovaq ağacı əkilib. Bu ağaclar illər sonra böyüyəcək və yolları snayperlərdən gizlədəcəklər.

Biz söhbət edərkən, Alvina və digər uşaqlar qaça-qaça yanımıza gəldilər. Alvina yanımızda durdu, balaca əlləri ilə uzun saçlarını arxaya ataraq, şer dedi. Bu şer Çinari və digər erməni və azərbaycanlı kəndlərində hələ də bərqərar olmayan sülh haqqında idi.

Müharibə illərində və atəşkəs elan olunandan sonra Çinaridə 22 dinc sakin öldürülüb.

İnsanlar torpağı becərmək imkanından məhrumdurlar

2014-cü ilə qədər Ermənistan-Azərbaycan sərhədindəki torpaq sahələrini becərmək mümkün idi. Düzdür, 2014-cü ilə qədər də atıblar, Alvinanın atası kimi zəhmətsevən ermənilər və azərbaycanlılar həlak olublar. Amma yenə də birtəhər məhsul toplayıb, ailəni dolandırmaq mümkün olurdu.

Voskeparda, düz Ermənistan-Azərbaycan sərhədində VII əsrə aid kilsə

2014-cü ildən vəziyyət kəskin şəkildə dəyişdi. Snayper müharibəsini təxribat müharibəsi əvəz etdi. Bu gün kəndlilər sərhədyanı sahələri becərmir, çünki ölüm ehtimalı çox böyükdür.

2014-cü ildə Ermənistan hökuməti bilavasitə Azərbaycanla sərhəddə yerləşən 30-a yaxın yaşayış məntəqəsi sakinlərinin sosial təminatına istiqamətlənən iki qanun qəbul edib.

Qəbul edilən qanunlardan birinə əsasən, sakinlər sosial yardım almalıdırlar. O cümlədən, onlar elektrik enerjisi, qaz və suvarma suyuna görə ödənişi qismən ödəyir, bundan əlavə də torpaq və daşınmaz əmlak vergilərindən tam azad olunurlar. İkinci qanuna əsasən, sərhəd zonasında istənilən sahibkarlıq fəaliyyəti, istehsalatın təşkili vergilərdən demək olar ki, tam azad olunur. Bu o deməkdir ki, hər bir erməni sahibkarının ya mövcud olan biznesini sərhəd zonasına keçirmək, ya da yenisini qurmaq imkanı var.

Bir hissəsi Ermənistana, bir hissəsi də Azərbaycana məxsus olan Coqaz su anbarı

Amma 2014-cü ildən başlayaraq, Ermənistan-Azərbaycan sərhədində yerləşən kəndlərdə həyat daha da çətinləşdi. İndi mülki obyektlər və əhaliyə qarşı 1991-1994-cü il müharibəsi zamanı istifadə olunan silah növləri tətbiq olunur.
4 günlük aprel müharibəsi zamanı Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik idi. 1994-cü il may atəşkəsindən sonra bu sərhəddə yüzlərlə erməni və azərbaycanlı dinc sakin, adi kəndlilər, əkinçilər öldürülüb və yaralanıb.

“Nə hərb, nə də sülh” və ya “həm hərb, həm sülh” vəziyyətindən əzab çəkənlər sərhəd kəndlərinin erməni və azərbaycanlı sakinləridir. Onlar öz torpaqlarını becərə bilmir, hər an atışmanın qurbanı olurlar, onların həyatı nə hərb, nə də sülhdür.

Balaca Alvina və atalarını itirən və itirməyən başqa erməni və azərbaycanlı uşaqların dinc gələcəyi getdikcə daha qeyri-real görünür.

Bu uşaqlar müharibənin kölgəsi altında böyüyürlər.

Tatul Akopyan, Yerevan

Xəritəni Areq Mkrtçyan tərtib edib

09 MAY 2016 – 06:50

http://www.jam-news.net/Publication/Get/az-Latn-AZ/1712

Foto – Çinari

Fotolar müvafiq icmaların “Facebook” səhifələrindən götürülüb

Jurnalist Tatul Akopyan – “Ani” Ermənistan Tədqiqatlar Mərkəzinin direktoru və “Sivilitas” fondunun analitiki, “Yaşıl və qara: Artsax gündəliyi” və “Araratdan baxış: ermənilər və türklər” kitablarının müəllifi.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Dərc edilib: 09.05.2016